KADRARXASI | `Vidadi Həsənovla öpüş səhnəm çəkiləndə...`

KADRARXASI | `Vidadi Həsənovla öpüş səhnəm çəkiləndə...`
  11 Mart 2014    Oxunub:11206
Uzun illər sevə-sevə baxdığımız milli kinolarımızda elə kadrlar var ki, həmin səhnələri dönə-dönə izləməkdən doymuruq. Hətta qəhrəmanların kadrlardakı bəzi cümlələri dilimizdə əzbərə çevrilir. “Yalansa səni fransuzkiy ilan vursun dilindən”, “Gəlin mənim süpürgəmdir, harda qoysam, orada da durmalıdır”, “Antoni, sən mənim ürəgimi yaralamısan...”, “Söhbət sosikada deyil, söhbət vilimatelno olmaqdadır” , “Onun əyri ayaqlarından raqatka düzəltməsəm, atamın oğlu deyiləm”, “Sənə əjdaha lazımdır?..” və s. kimi frazaları hansızımız işlətməmişik ki?“

AzVision.az-ın yeni rubrikası olan “KADRARXASI”nda filimlərimizin necə çəkildiyindən danışacayıq. Həmin səhnələr çəkilərkən aktyorların başına gələn kadrarxası hadisələr , qarşılaşdığı çətinliklər, qəzalar, yadda qalan xatirələr, onların yaranma tarixçəsi barədə söz açacağıq.

Rubrikamızın ilk filmi “Bəyin oğurlanması”dır.

Quruluşçu rejissoru Ceyhun Mirzəyev və Vaqif Mustafayev olan filimdə Həsənağa Turabov (Əsəd), Səyavuş Aslan (Mustafa) , Hacı İsmayılov (Tağı), Nəsibə Zeynalova (Nəsibə xala), Yaşar Nuri (İsrafil), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar), Şamil Süleymanov (Həsən), Mirzə Babayev, Vidadai Həsənov , Firəngiz Mütəllimova və s. tanınmış aktyorlar çəkliblər.

“Zalım oğlu zalım, nə vaxta qədər mənim hasarımın dibində keşik çəkəcək, hə?!”

Baş rolda çəkilən və filimdə “İsrafil”in elçi daşının üstündə oturan aktyor Şamil Süleymanovla danışmaq cəhdimiz baş tutmadı.



“Ələsgər, Ələsgər, nə var e... Ələsgər, Ələsgər”

Elə filmdə də “Ələsgər” adını daşıyan aktyor Ələsgər Məmmədli ilə əlaqə saxladıq.

- Filmdə tamaşaçıların bilmədiyi kadrarxası çox hadisələr var idi ki, heç bizim özümüz də gözləmirdik. Məslən, aktyor Muxtar Manıyevin Siyavuş Aslana sillə vurması səhnəsi tamamilə gözlənilməz idi. Siyavuş müəllim onu gözləmirdi. Rejissor çəkiliş zamanı Muxtar Manıyevə deyib ki, qəfildən ona sillə vursun. Halbuki, ssenaridə bu, yox idi. Həmin səhnədən sonra aktyorlarımızın arasında dava düşdü. Siyavuş müəllim etiraz etdi, Muxtar Manıyev də həmçinin etiraz etdi ki, “mən nə bilim, rejissor dedi, mən də oynadım da”...



“8 min pul alıblar məndən, oynamaqlarına bax...

“Və ya filmdə belə bir səhnə də var ki, mən oynaya -oynaya Nəsibə xanımın üstünə gedirəm. Bax, ssenaridə o da yox idi. Təsadüfən bunu mən özüm rejissorun işarəsi ilə çəkiliş zamanı etdim. Bu da aramızda böyük narazılıq yaratdı . Çox adam dedi ki, özündən nə hoqqa çıxarırsan. Amma nə edim, rejissor dedisə, etməlisən”.

“Nə var-nə yox, Bradyaqa?.... Sən söhbətini elə”

“Heç mənim özümün də yıxılmaq səhnəmin olcağından xəbərim yox idi. Çörək yeyirdik ,Vaqif müəllim dedi ki, buradan yıxıla bilərsən? Mənim də xəbərim yox, deməli opeartorlar hər şeyi hazır qoyublar , oturdum kresloda qəfildən yıxıldım və təbii alındı. Sən demə elə o andaca çəklişi ediblərmiş”.

“Nə olub, nə göz-qaş edirsən orada?!”

“Filmdə ”Miriş” obrazı yox idi. Bir dəfə Arif Quliyev qaça- qaça gəldi bizimlə söhbət etdi, hal-əhval tutdu. Vaqif müəllim dedi ki, onu rola çəkəcəyəm. Elə onun öz yerişinə uyğun bir obraz yaratdı, ssenarini tamam dəyişdi”.

“Əgər siz Tellini 10 dəqiqəlik Musa əmiyə versəniz...”



Kinoda Xalq artistimiz Firəngiz Mütəllimovaya 5 dəqiqəlik vaxt versələr də, bizim xanım aktrisa ilə kifayət qədər söhbət etməyə vaxtımız oldu.
Firəngiz xanım hamımızın yaxşı xatırladığı, ən yaddaqalan öpüş səhnəsindən danışdı:

- Vidadi Həsənovla traktorda öpüş səhnəm var idi. Otuzdurdular bizi, Vidadi traktoru sürməyə başladı. Bir var rahat gedəsən, bir də var ki, ləngər vura-vura. Dedim Vidadiyə ki, “Vidadi, sən traktor sürə bilirsən? Dedi ki, yox. Dedim, nə yox?!” Qapını açıb, özümü atdım aşağı. Hamısı gülüşdü, əl çaldılar. Sonra bilmişəm ki, bu, hələ çəkiliş deyilmiş, sınaq imiş. Dedim, ölsəm də, mən traktora minə bilmərəm. Vidadi sürə bilmirdi, biz yalandan gedirdik. Ondan sonra kadr qaldı, gülməli vəziyyət yarandı.



“Siz deyən gələcəyin xöşbəxt ailəsi, gələcəyin başqa bir xöşbəxt ailəsini dağıda bilər”

Kino çəkilişləri zamanı axşamlar kim qəmlənmək istəyirdi, gedirdi Vidadinin otağına. Çünki Vidadi Həsənov yaxşı gitara çalırdı, şeirlər deyirdi. Şən otaq Şamilin otağı idi. Kim gülmək istəyirdi, ora yığışırdı. Mən çox qala bilmirdim. Gedirdim çəkilirdim, Bakıya geri dönürdüm.

Arif Quliyev çəkiliş vaxtı həmişə itirdi. Kənddə ev qalmamışdı ki, gəzməsin. Birində gedirdi çay içirdi, birində çörək yeyirdi. Hər yerdə də papağı yaddan çıxıb qalırdı.

Xoş xatirələrlə yadda qalan bir film olub. Çünki bütün qaymaqlar orada idi. Elə kadrlar var idi ki, mən onlar çəkiləndə görməmişdim.

“-Salam, mən sənə demək istəyirdim ki...
- Elə mən də...
- Nəyi?..
Səni sevdiyimi ..
- Onda axşam gələrsən”...




İndi isə keçək bütün film boyu qaçan, hətta atası belə onu tanımayan Mirişə, yəni Arif Quliyevə.



- Çəkilişlərə gecikməyimə səbəb Bakıdan kəndə gətiridiyim qız idi. Onunla söz-sözü çəkirdi, söhbət uzanırdı, bir də görürdüm ki, çəkilişlərə gecikmişəm. Bir də görürdülər ki, Arif Quliyev girdi içəri, köynəyi səhv geyinib. Düymələri tərs bağlayıb. Çəkiliş truppası da bilmirdi ki, mən haradan gəlirəm. Yalandan deyirdim ki, idmandan gəlirəm, ona görə gecikmişəm. Firəngiz sonradan hara getdiyimi başa düşmüşdü. Bir dəfə gördü ki, qulağımın sağ tərfindən pamada izi var. Rejissor da acıqlandı ki, sən bura çəkilşə gəlmisən, ya pamada ilə məşğul olmağa. Camaat da gülüb gedirdi.

“Qız qızıla dönüb, yox xəbəri oğlanların , yox e... qızların”

Filmdə İsrafilin qızı Yasəməni oynayan mülayim qızın sonrakı taleyi hamımıza maraqlıdır. Yasəmən rolunu Natəvan Məmmədova ifa edib.



Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı Moda Evinin işçisi olan anası tanınmış dərzi idi. Natəvan kinoda debütünü 17 yaşında edib. O, "Azərbaycanfilm"in çəkildiyi "Park" və digər filmlərdə obrazlar yaradıb. Lakin sonradan kinodan uzaqlaşaraq tamam ayrı sahəyə üz tutub. O, İnşaat Unversitetinin memarlıq fakültəsinə daxil olaraq memarlıq üzrə magistr dərəcəsi alıb.

Onun həyatında idmanla da bağlı maraqlı faktlar var. 90-cı illərin əvvələrində Azərbaycanda populyar olan şərq əlbəyaxa döyüş növlərilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olub və bu yöndə olan yarışlara qatılaraq, parlaq nəticələr əldə edib. 1990-cı ildə kunq-fu üzrə keçirilən Azərbaycan çempionatının bürünc mükafatını alıb.

90-cı illərin ortalarında Azərbaycanı tərk edib. 1997-ci ildən İsraildə yaşayır.

Həmin aktrisa haqqında Firəngiz Mütəllimovanın fikirləri:

- Həmin xanım aktrisa deyildi. O, sınağa gəlmişdi. Həmin vaxt neçə qız çəkilişə gəlsə də, onu seçdilər. Balaca, gənc qız idi. Bir dəfə bizim filimdə mən o qızı gördüm. Sonralar da görüşdük. Tam təsadüfən. İndi xəbərim yoxdur. Çox yaxşı xasiyyəti olan qız idi. Başqa heç nə bilmirəm. Çox istəyərdim ki, filmlərə çəkilsin. Sifəti ekrana , kinoya çox yaxşı yaraşırdı.



Filimdə Həsənin anası rolunu oynayan əməkdar artist Lətifə Əliyeva ilə də əlaqə saxlayıb, xatirələrini bizmlə bölüşməsini istədik. 69 yaşlı aktrisamız bildirdi ki, yaşı ilə bağlı bir neçə ildir ki, teatrdan ayrılıb. Nadir hallarda teatra gedir. Aldığı prezident təqüdü ilə ailəsini saxlayır. Ailə, yaş, iliərin qayğısını üzərinə götürmüş aktrisamız hazırda filimlə bağlı çox səhnəni xatırlamadığını , keçmiş məqamları yadına sala bilmədiyini dedi.





“- Xeyir ola, Ay Miriş.
- Xeyirdir. Şəhərdən kinoçıxardanlar gəlib.
- Ağlamalıdır ya gülməli?
- Ağlamalıdır. Axırda da evlənirər”.


Şəhanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti